BATABAT ASTROFİZİKA RƏSƏDXANASI HAQQINDA ÜMUMİ MƏLUMAT
Batabat Astrofizika Rəsədxanası Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında 07 avqust 2002-ci il tarixli sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin tərkibində yaradılmış 6 elmi-tədqiqat müəssələrindən biridir. Rəsədxana 2003-cü ilin fevral ayından etibarən fəaliyyətə başlamışdır.
Batabat Astrofizika Rəsədxanası yaradılarkən Şamaxı Astrofizika Rəsədxanasının Şahbuz rayonu ərazisindəki Batabat bölməsinin və Rusiya Federasiyası Elmlər Akademiyası Baş Astronomiya Rəsədxanasının (Pulkova Rəsədxanası) Ordubad rayonundakı Ağdərə astronomiya stansiyasının maddi-texniki bazasından və kadr potensialından istifadə olunmuşdur. Ağdərə stansiyası 1992-ci ildə rusiyalı əməkdaşlar tərəfindən tərk edildikdən sonra Şamaxı Astrofizika Rəsədxanasının tərkibinə qatılmışdır. Batabat Astrofizika Rəsədxanası yaradıldıqdan sonra Batabat bölməsi və Ağdərə astronomiya stansiyası Batabat Astrofizika Rəsədxanasının strukturuna daxil edilmişdir. 2004-cü ildə Batabat Astrofizika Rəsədxanasınin Naxçıvan şəhərindəki inzibati binası Rəsədxana əməkdaşlarının istifadəsinə verilmişdir.
Naxçıvan MR Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bilavasitə diqqəti və qayğısı nəticəsində Batabat stansiyası yenidən qurulmuş, oradakı inzibati bina müasir tələblər səviyyəsində kommunikasiya xətləri (su, qaz, istilik, elektrik, rabitə və s.) ilə təmin olunmuşdur. Batabat stansiyasında əməkdaşların həm elmi-tədqiqatla məşğul olmaları, həm də zəruri hallarda orada gecələmələri üçün lazım olan şərait yaradılmış, yüksək səviyyəli İNTERNET şəbəkəsi qurulmuş və hər bir əməkdaş zəruri informasiya texnologiyaları ilə təmin olunmuşdur.
Ali Məclisin Sədri cənab Vasif Talıbovun tapşırığı və dəstəyi ilə Batabat stansiyaslndakı “Seyss-600” teleskopu Moskva Dövlət Universitetinin Astronomiya İnstitutunun Krım yarımadasında yerləşən şöbəsinə göndərilmiş, orada müasir tələblər səviyyəsində yenidən qurulmuş, avtomatlaşdırılmış və gətirilərək Batabat stansiyasında qurulmuşdur. Teleskopun qurulmasında Krımdan gələn mütəxəssislər də iştirak etmişdir.
Beləliklə, Batabat Astrofizika Rəsədxanası aşağıdakı strukturda fəaliyyət göstərir:
1. Naxçıvan şəhərindəki inzibati bina (Coğrafi koordinatları: coğrafi enlik – 39° 13′ 45″, coğrafi uzunluq – 45° 24′ 25″, dəniz səviyyəsindən hündürlük – 900 m.).
2. Batabat stansiyası (Coğrafi koordinatları: coğrafi enlik – 39° 31′ 48″, coğrafi uzunluq – 45° 46′ 53″, dəniz səviyyəsindən hündürlük – 2050 m.).
3. Ağdərə stansiyası (Coğrafi koordinatları: coğrafi enlik – 39° 06′ 33″, coğrafi uzunluq – 45° 54′ 54″, dəniz səviyyəsindən hündürlük – 2000 m.).
Batabat Astrofizika Rəsədxanasında elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan bir problem üzrə aparılır: “Səma cisimlərinin mövqe və fotometrik müşahidələri”. Bu problem daxilində Günəş və Günəş sisteminə aid olan kiçik cisimlər – komet və asteroidlər tədqiq olunmuş, 2007-ci ildən “Seyss-600” teleskopunun istifadəyə verilməsi ilə ulduzların da tədqiqi həyata keçirilməyə başlanmışdır. Aparılan tədqiqatlar nəticəsində 4 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmiş, 1 kitab və 150-dən çox elmi, elmi-kütləvi və metodiki məqalələr dərc etdirilmişdir. Rəsədxanada aparılan elmi-tədqiqat işlərinin nəticələri Oksford Universitetində, Sank-Peterburq Universitetinin xəbərlərində, Rusiya Federasiyasında və Çin Xalq Respublikasında çıxan nüfuzlu elmi jurnallarda dərc olunmuşdur. Rəsədxana əməkdaşları Rusiya Federasiyasında, Türkiyədə, İranda, Braziliyada, Çilidə və Çin Xalq Respublikasında keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişlər.
Batabat Astrofizika Rəsədxanası elmi-tədqiqat işlərinin aparılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, konfrans və seminarların təşkili və keçirilməsi sahəsində Azərbaycandakı uyğun elm və tədris müəssisələri ilə yanaşı xarici ölkələrdəki qurumlarla da əməkdaşlıq edir. Bu qurumlardan Moskva DU-nun Şternberq ad. Dövlət Astronomiya İnstitutunu (rusca ГАИШ), RF EA-nın Yer Maqnetizmi, İonesfera və Radiodalğaların yaylması İnstitutunu (rusca ИЗМИРАН), RF EA-nın Terskol Rəsədxanasını və İran İslam Respublikasının Marağa şəhərindəki Astronomiya və Astrofizika İnstitutunu göstərmək olar.