ELMİ CİHAZLAR
-
Teleskop “Zeiss-600”. Almaniyanın “Carl Zeiss JENA” firmasının istehsalıdır. 1990-cı ildə Batabat stansiyasında quraşdırılmışdır. 2007-ci ildə optik və mexaniki sistemləri modernləşdirilmiş, idarəedilməsi avtomatlaşdırılaraq yenidən qurulmuşdur. Teleskop ulduz və qalaktikaların spektro-fotometrik tədqiqatları üçün nəzərdə tutulmuşdur. Əsas güzgü parabolikdir və diametri 600 mm, fokus məsafəsi 2400 mm-dir. Kasseqren sisteminin fokus məsafəsi 7500 mm, miqyas 28″/mm-dir.
-
Genişbucaqlı astroqraf. XX əsrin 70-ci illərində Ağdərə astronomiya stansiyasında qurulmuşdur. Obyektivinin dimetri 23 sm, fokus məsafəsi 230 sm-dir. Astroqraf ulduzlu səmanın fotoqrafiq tədqiqatları üçün nəzərdə tutulmuşdur.
-
Ay-Planet teleskoru (LPT). Əsasən astrometrik tədqiqatlar üçün nəzərdə tutulmuş bu teleskop XX əsrin 70-ci illərində Ağdərə astronomiya stansiyasında qurulmuş, bir müddətdən sonra təmir edilmək üçün sökülmüşdür. Hal-hazırda Ağdərə stansiyasındadır. Menisk sistemli bu teleskopun güzgüsünün diametri 700 mm, fokus məsafəsi 10 m, görüş sahəsi 30'-dir.
-
Qısafokuslu güzgülü-linzalı peyk kamerası (FAS-3A). Bu cihaz Ay-Planet teleskopu ilə eyni qurğu üzərində qurularaq, planet peyklərinin, komet və asteroidlərin foto-şəkillərinin alınması üçün istifadə edilmişdir. Obyektivinin diametri 250 mm, fokus məsafəsi 480 mm-dir. Cihaz Ağdərə stansiyasındadır.
-
Çoxmodalı Eşelle difraksiya qəfəsli optik spektroqraf (SDF-İS-No.1). Spektroqraf 2012-ci Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə (qrant EİF-2010-1(1)-40/15/38) hazırlanmışdır. Cihaz müxtəlif ayırdetmə ilə (R=100-13500) görünən bölgədə yüksək keyfiyyətli spektrlərin alınmasına imkan verir. Elmi tədqiqat işinin xarakterindən asılı olaraq spektroqrafla 4 modda spektrlərin alınması nəzərdə tutulmuşdur: prizma variantı (R=100), klassik variant (R=1500), kvazieşelle (R=5000) və eşelle (R=13500). Cihazın konstruksiysı elə qurulmuşdur ki, spektroqrafı teleskopdan ayırmadan az bir zaman intervalında müxtəlif modlara keçmək mümkündür. Spektroqraf “Seyss-600” teleskopunun optik və mexaniki xüsusiyyətlərinə uyğun olaraq yığılmışdır.